Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin Yenisey10.07.2018 768

Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul” deyildi, yəni özümüzün təhsil istəyimizdən doğmamışdı, “İstək” bizim istəyimiz deyildi, gəlmə idi, gətirilmə idi, göndərilmə idi.

Ümumiyyətlə, tarixi təftiş aparsaq, Nəiminin və Nəsrəddin Tusinin “repititorluğundan” başqa milli təhsil ocaqlarımızın olmadığını görəcəyik. Yəni bizdə milli məktəblər həmişə “repititorluq”, ustad-şəyird səviyyəsindən yuxarı qalxmayıb. Kütləvi təhsil ocaqlarını Azərbaycanda həmişə gəlmə məktəblər təmsil ediblər ki, onların da çox vaxt məqsədi missionerlik olub.

O zamanlar mədrəsə ərəb dilini, “uşkol” rus dilini təbliğ edən missioner ocaqlar idi. Mədəniyyəti başqa dillərdən oxuduğumuz, öyrəndiyimiz üçün bizdə bu gün də tərcümə məktəbi çox zəifdir. Çünki tərcüməyə ehtiyac olmayıb; Qərbi rus dilində, Şərqi ərəb-fars dilində oxuyub-öyrənmişik. Ona görə də xalqımızın həmişə öz dahiləri ilə gizli bir konflikti olub, bir-birilərini anlamayıblar.

İstedad xalqın öz övladlarının şüuraltısında “dar gün üçün” gizlədiyi mənəvi-təcrübi mirasıdır. Biz bu mirası öz övladlarımıza məktəbdə yox, evdə, məişətdə ötürə bilmişik. Çünki məktəb heç vaxt özümüzün olmayıb. Hətta bir vaxtlar Sabir lağla “Uşaq mənimsə əgər, oxutmuram, əl çəkin” yazsa da, görünən bu ki, xalq öz uşağını başqasının məktəbində oxutmaq istəməyib. Düzdü, bu gün kapitalizm əjdahasının ağzına atmaq üçün yüksək ixtisaslı mütəxəssislər lazımdı və hər kəs uşağının həyatını təmin  etmək üçün hardagəldi, necəgəldi oxutmağa çalışır. Bu günün uşaqları valideynlərindən daha çox qlobalizmin övladlarıdır. Ancaq bir yandan da hər bir xalq antiqlobalist mövqedən çıxış edir, öz milli mövcudluğunu qorumağa çalışır. Bunun da yeganə yolu milli məktəblərin olmasıdır. Yalnız cırcırama xalqlar mövsümi nemətlərlə yaşadıqları üçün həmişə “dar günlərində” “özgə qapılarına” qaçırlar. 

Əsl xalqlar qarışqalardır!

Yuxarıda milli istedadlarımızla xalq arasında həmişə bir konflikt olduğundan danışdıq; yəni məsələn, dövlət Axundov irsini qoruyub təbliğ etməsəydi, xalq onu çoxdan unutmuşdu. Niyə? Çünki başqa məktəbin yetirməsiydi. Axundova qədər xalq öz məktəbi olaraq mədrsəni tanıyırdı. Birdən bir “uşkol uşağı” peyda oldu və başqa dildə danışmağa başladı. Axundov və xalq qarşıdurmasında, əslində, iki bizim olmayan məktəb - mədrəsə və “uşkol” üz-üzə, diş-dişə dayanmışdılar, həm də düz evimizin ortasında. Əgər Axundov “heç vaxt olmayan” milli məktəbin yetirməsi olsaydı, xalq onun meyitini heç vaxt ortada qoymazdı.

Məktəbə təkcə vurma cədvəli öyrədilən yer kimi baxmaq doğru deyil. Məktəb bir xalqın övladlarının toplaşdığı ilk icmadır. Bir xalq öz uşaqlığını yalnız məktəbdə bir yerdə yaşayır. Və təsəvvür edin, bu məktəb də başqalarının yaratdığı məktəbdir.

Əgər Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev və Azərbaycan klassik maarifçiləri günümüzdə, yəni sosial şəbəkələr dövründə yazıb-yaratsaydılar, inanın, onlara “rus trolları” deyənlərin sayı heç də az olmayacaqdı.

Bəzən hansısa bir xalqın, içi özümüz qarışıq, kütləvi davranışlarındakı neqativ vərdişlərin səbəbini müvəqqəti sosial-iqtisadi güzaranın ağırlığında, dəyişən hakimiyyətlərin siyasi reaksiyalarında və s. buna oxşar səthi və gəldi-gedər əlamətlərdə axtarırlar, xalqa xas olan xarakterik xüsusların minillər ərzində sümükləşməsi fikri nədənsə bilərəkdən eşidilməz olur. Halbuki pis və yaxşı olmasından asılı olmayaraq məhz bu xüsuslar xalqın mövcudluğunu və davranışlarını təyin edir. Edib və edəcək. 

Tarixi müayinə göstərir ki, bizim xalqın mental dəyərlərinin arasında məhz milli məktəbinin olmaması onun genefondundakı kitab rəflərinin boş qalmasına səbəb olmuşdur. Mən bayaqdan “milli məktəb” dedikdə ərəb mədrəsəsi ilə rus “uşkolu” arasındakı boşluğu nəzərdə tuturam ki, bu boşluqda bizim milli məktəbimizin adı olmalıydı, ancaq biz orda öz milli məişətimizi yerləşdirdik. Məhz milli məktəbimizin olmaması ucbatından Sizif əzab-əziyyətinə məhkum olunmuş təhsilimiz tərini silmək üçün bir balaca ayaq saxlayanda, ya xalqda vurhay kütləvi savadsızlaşma, elmə nifrət tüğyan eləyir, ya da xalq “nayomnik” mədrəsəçilər və məzhəkəçi “uşkolçular” olmaqla iki yerə bölünüb yaxacırdıya başlayırlar. İctimai əxlaq fərdi eqoların “müqəddəsliyinə” qurban verilir. Elm adamlarımız dünyanın üstünə Makedoniyalı İsgəndər kimi gedib, qayıdandan sonra kefli İsgəndərin gününə düşürlər.

Milli məktəb milli məsuliyyət yaradır; bu gün Azərbaycandan xaricə oxumağa gedənlərin 90 faizinin ilk işi öz ölkəsini unutmaqdır. Şəxsən şahidi olduğum bir hadisədir; Türkiyədə bir elektrik mühəndisi ilə iki saat söhbətdən sonra bildim ki, bu adam bizim Qax rayonundan qonşu ölkəyə oxumağa getmiş bir gəncdir. Bilə-bilə ki, mən də azərbaycanlıyam, məndən belə qaxlı olduğunu gizləməyə çalışırdı. Çünki başqa məktəbin yetirməsi idi, heç bir milli məsuliyyət hissi qalmamışdı. Öz dilinin deyil, Türkiyə türkcəsinin məsuliyyətini qorumağa çalışırdı.

Bu məsuliyyəti xalqda heç bir sosial-iqtisadi proqram, heç bir fövqələməl sahibi olan siyasi hakimiyyət yarada bilməz. Bu məsuliyyəti ancaq milli məktəblər yarada bilər.

Sözümün canı odur ki, bu vaxta qədər nə baş veribsə verib. Bundan sonra bu milli məktəb məsələsi üzərində ciddi düşünməliyik. Yoxsa yenə həmişə olduğu kimi başqaları açacaq, biz bağlayacağıq...

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 166
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 536
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 339
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 494
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 591
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Kim haqlıdır? 1.Uşaq 2. Ailə 3. Məktəb 4. Heç biri

Aqşin - 17.06.2018 390
Heç vaxt övlad sahibi olmayan, məşhur və mərhum şairimiz Vaqif Səmədoğlunun öz dilindən eşitdiyimə görə, atası Səməd Vurğunun balaca Vaqifi övladlığa vermək istədiyi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uşaq haqqında belə bir möhür fikri var: “Uş...
Davamı