Bu uşaq kimə oxşadı belə?

Aqşin Yenisey20.07.2018 908

Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı idi; dünyanı kirlədən bütün qara məqsədlər metafizik simvolikanın çadrası altında gizlədilmişdi. Dünyanın aydınlığa çıxması, sadəcə, mümkünsüz idi, hakim zümrələrin çörəyi metafizik qaranlıqdan çıxırdı. Ancaq Edisonun lampasının par-par yandığı modern çağda da dünya düzəlmədi, hətta bəlkə, bir az da qaranlıqlaşdı; sülh anlayışı müharibələr arasındakı tənəffüsdən başqa bir şey olmadı. Ağrı, işgəncə, əzab daha da kütləviləşdi; əlillərin və əsirlərin sayı daha da artdı, ac uşaqlar mediaya tiraj gətirən yağlı mövzuya çevrildi. Ədalət, hüquq, haqq anlayışları kasıb ağızların saqqızı oldu və s. 

Fakt budur ki, arvadların ərlərinin corabını yuduğu dövrlərdə ailələr paltaryuyan maşınların dəyirman kimi hər evdə fırlandığı indiki dövrdən daha xoşbəxt, daha möhkəm idi. Mən bu sözləri yazmaqla ailəcanlılığı təbliğ etmirəm, əminəm ki, qəbilə kimi ailənin də dağılacağı, ictimai ittifaq kimi yoxa çıxacağı bir gün gələcək. Məni düşündürən və bu yazını yazmağa vadar edən dünyanın niyə heç vaxt düzəlməməsi, düzəlməyəcəyi fikridir. 

Bu dəfəki araşdırmam bir az fərqli olacaq. Mənə elə gəlir ki, biz dünyanı uşaqlarda korlayırıq və bu korlanmış uşaqlar böyüyüb dünyanın anasını ağladırlar. Uşaqları necə korlayırıq? Sualın cavabına keçməmişdən əvvəl deyim ki, mən bu yazıda sivilizasiyanı qorxunun və ağrının inkişaf tarixi kimi izah edənlərin tərəfində olacağam. O adamların ki, onlar hələ də insan növünü ibtidai alturizmdən professional eqoizmə, təbii vəhşilikdən merkantil əxlaqa, icma bərabərliyindən kapital hanniballığına gətirib çıxaran günahkarın kim olduğunu axtarırlar. Onlar cinayəti gördükləri üçün cinayətkarın girovuna çevirilmiş şahidlərdir. Onlar həqiqəti danışırlar, ancaq bu həqiqət, danışdıqları şəxsi, sadəcə, əyləndirir. 

Sualın ikinci hissəsi budur ki, nə üçün başqalarına verilən ağrı, əzab, qorxu insanı əyləndirir, bəzən məqsəd qisas almaq yanğısından tamamilə uzaqlaşıb verilən işgəncənin, çəkdirilən qorxunun müddətini uzatmaqla qurbanın əzabından zövq almağa çevirilir? Bu sualın cavabını, bəlkə də, divarları mamır bağlamış qədim kitabxanalarda deyil, elə evimizdə böyütdüyümüz uşaqlara aldığımız şəkilli nağıl kitablarında axtarmaq lazımdı. 

İndi cavaba keçək: “...ayaqları leşyeyənin ayaqları kimi yarıyacan qart tüklərlə örtülmüş, sallaq qarınlı çılpaq bir ələngə ilə sevişən, əti iyrənc qurbağaların ağzında gəmirilən, dərisi suluqlamış, tükürütpədici səsiylə qarğış-nalə ulayan, əfi ilanların sancdığı, dişləri çürümüş ifritə bir qadın, əzəmətli yatağında ölüm soyuğundan qacımış, daha heç vaxt doğulmayacaq körpəyə bənzəyən ruhunun bir ifrit əlləriylə xırıldayan boğazından qoparılan, çiynində oturmuş şeytanın bir caynağıyla gözünü oyan, o biri caynağı ilə qanlı dişlərini qurdalayan xudbin bir kişi, bir-birilərinin saçından tutub çığıra-çığıra, söyə-söyə dartışdıran, bir-birilərinin bədənini uzun dırnaqları ilə parçalayan, insandan çox eybəcər cinlərə oxşayan, bir cüt zəhərli ilanla sarıldıqları üçün heç vaxt ayrıla bilməyən ər-arvad, öz məğlubiyyəti ilə barışmaq istəməyən, burun pərlərindən od fınxıran mişar quyruqlu əjdahanın iri dişli cəhənglərini qayanı parçalayıb azadlığa ucalan ağac gücüylə ikiyə ayıran gövdəsi gərilmiş qəhrəman... və başqaları, yəni daha qorxuncları, daha iyrəncləri, daha amansızları”. 

Bu ağılasığmaz, bədheybət, anlaşılmaz təsvirlər əsəb xəstəliyindən əzab çəkən hansısa psixopat rəssamın emalatxanasından götürülməyib, bu mifik üfunət uşaqlar obrazlı qavrama təfəkkürünə sahib olsunlar deyə onların gül kimi təmiz təsəvvürlərinə həkk edilən italyan xalqının nağıl və əfsanələrindəki obrazların təsvirləridir.

İngilislər isə öz gələcək nəsillərinin xəyallarını bulandıran, onların təfəkküründə dünyanın qorxunc, tükürpədici mənzərisini yaradan bu bədəməl mistik-fantastik nağıl qəhrəmanlarının uşaqlar üçün ensklopedik nəşrini hazırlayıblar. Bu obrazlar mifik genetikasını birmənalı olaraq ibtidai icma cəmiyyəti insanının geoloji katastrofizm qarşısında keçirdiyi qorxunun yaratdığı dini-fantastik təsəvvürlərindən götürməklə müasir uşağın kafasında mağara dövrünün vəhşi yaşam şiddətini görüntüləyir, onun mağara insanının hiss və emosiyaları ilə böyüməsinə, yırtıcıya xas qorxu, ehtiyatlanma, qidalanma, qəzəb, ehtiras duyumlarına sahiblənməsinə yol açır. Bu nağılları oxuya-oxuya, divlərlə, ifritələrlə, əjdahalarla süpürləşə-süpürləşə, çırtdanlardan hiyləgərlik, təpəgözlərdən hanniballıq, dəli domrullardan quldurluq öyrənə-öyrənə iyirmi ikinci mərtəbədə gələcəyin mağara insanı böyüyür. Sonra bu mağaranın ağzı adına sivil dediyimiz cəmiyyətə açılanda sıravi vətəndaşlardan tutmuş, hüquq-mühafizə orqanlarına qədər hər kəsi bir sual düşüdürür: “bu uşaq kimə oxşadı belə?” 

Hansı dövrdə doğulmalarından asılı olmayaraq, bu nağıllar, əfsanələr vastəsilə gələcəyin insanı olacaq uşaqlar ibtidai şüurla atılırlar həyatın qoynuna, sonra onları dini şüur nəzarətə götürür, çünki ibtidai qorxuyla böyüyən insan gec-tez təskinliyi dində tapmalıdır, məntiqi ardıcıllıq bunu tələb edir. Elm isə bu ibtidai emosiyaların ya azlıqda qalan müxalifətinə çevirilir, ya da mövqeyini yumşaldıb çoxluğun tərəfinə keçir.

İbtidai qorxu aşılayan nağıllarla, obrazlarla böyüyən uşağın oxşadığı, dünya xalqlarının övladlarını tərbiyə edən bu mifik andeqraundların tipologiyasına baxaq. Cəmiyyətdə belə bir özünüqoruma patologiyası var ki, guya, vərəm xəstələri pisniyyət olurlar və onlar başqalarını da bu çöpə yoluxdurmaq üçün əllərinin tərindən, ağız-burunlarının suyundan gələn heç nəyi əsirgəmirlər. Guya, bəşəriyyəti vərəmləşdirmək onların bəşəri yanğısına çevirilir. Bu sarsaq yanaşmanı istənilən infeksion xəstənin alnının ortasına nallamaq olar. Çünki istənilən infeksion xəstəlik yoluxanın və yoluxduranın xislətindən yox, bu xəstəliyi yayan virusun təbiətindən asılıdır. 

Amma bu xəstə yanaşma öz-özünə yaranmayıb, bu “pisniyyətliliyin” mifik səbəbkarları da var ki, onlardan birinin adı Asaqdır. Qədim şumer əsatirinə görə, Asaq insanlar arasında xəstəlik yayan, bir növ, vərəmli kişi şeytandır. Görünüşü kimi bu şeytanın balalaması, çoxalması, yəni cinsi yolla infeksionlaşması da əndirəbadidir, guya, o, nəhəng dağları cinsi zorakılığa məruz qoyur və dağlardan döğulan balaca şeytan övladlarını bütün dünyaya yaymaqla insanları əbədi xəstəliklərə düçar edir. Böyüklərin düşüncəsinə görə, Asaq haqqında nağıllar uşaqları bu məkrli mifin timsalında gələcəkdə onları gözləyən, bədəməllərin, xəstəliklərin olacağından xəbərdar etməkdirsə, gələcək haqqında, ümumiyyətlə, təsəvvürü olmayan uşaqların yaddaşında, şüuraltısında Asaqdan ilişib qalan isə budur; dağı, dərəni zorlayan və xəstə cocuqlarını dünyaya yayan bir zırrama. Düzdür, Asaqı tanıyan kimi uşaqda yan-yörəsindəkiləri zorlamaq istəyi yaranmır, amma uşaq qəddarlığı haqqındakı nəzəriyyələrə görə, onun münbit beyninə zorakılığın ilk çəyirdəyi əkilir; dağı zorlamaq mümkündürsə, insanı zorlamaq niyə olmasın? Bəlkə də, sadist gənclərin, SPİD virusunu bilə-bilə yayan fahişələrin mənəvi əcdadı elə bu Asaqdır ki, bütün bəşəriyyətin ən qədim uşaqları sayılan şumerlərdən yoluxub sonrakı nəsillərin şüuruna.

Yəhudilər isə öz uşaqlarını qısır qadın mifi olan Abizou adlı ifritənin əməlləri ilə qorxudaraq tərbiyə edirlər. Abizou dəfələrlə ərə getsə də doğmaq funksiyası olmadığına görə qayınanasının ailə repertuarını nəvə ilə zəngilşdirmədiyi üçün hər dəfə zorla ərindən boşatdırılan, nəhayət, özünü sənətdə tapan, yaradıcı erudisiyasını boşanma travmalarından alan və yerdə qalan həyatını cəmiyyətdən qisas almağa həsr edən bizim müğənnilərə oxşar əsəbi bir məxluqdur. Onun qurbanları daha çox hamilə, ərindən, övladından yarıyan qadınlardır. Abizou yəhudilərin qız uşaqlarına öyrədir ki, gələcəkdə siz də mənim günümə qalsanız, mən edəni edin; gecələr qorxunc kabus kimi hamilə qadınların qabağına çıxın, onların uşaq salması, yaxud ölü doğması üçün vurnuxun. Ailə xoşbəxtliyinə qənim kəsilin. 

Asaqın şumer, Abizounun yəhudi uşaqlarına verdiyi tərbiyənin əziyyətini Mesopotamiyada uşaqların sevimlisi Lamaştu adlı qarı nənə çəkir. O, da boylu qadınları hamilə tarakan kimi tapdalayıb öldürür, kişilərdə qan xəstəlikləri, qarabasmalar yaradır, körpələri oğurlayıb yeyir. Mifik iyerarxiyada heç kimə tabe olmayan bu qarı qadın ləçərliyinin, qadın şərinin fantastik simvoludur. Onun “böyütdüyü” qız uşaqları bu gün ya bəşəriyyətin kişi cinsinə nifrət edən feministləridir, ya da terrorçi-kaminkadzeləri.
Slavyan xalqlarının uşaqları küpəgirən qarı Baba-Yaqanın və onun əkiz bacısı, üstündə baş kəsmək üçün həmişə tarla qayçısı gəzdirən Poludnikanın gizli himayəsi altında böyüyür. Onlar kinli niyyətlərini həyata keçirmək üçün cəmiyyətdən gizlində, toyuq ayaqlı komada yalqız yaşayırlar, cəmiyyətdə baş verənləri izləmək üçün transport olaraq uçan məişət əşyalarından, süpürgələrdən, küplərdən yararlanırlar. Adətən, Baba-Yaqa qurban olaraq qadınları, bacısı Poludnika isə kişiləri qaralayır. 

İndoneziyalı körpələrin mifik dayəsi Pontiyanak nağıl qəhrəmanları arasında ən gənci və ən abırsızıdır. O, doğarkən xəstəxanada bizim həkimlərin öldürdüyü gəlinlərin ruhu kimi nakam ana xəyalıdır. Xəstəxanaların həyətindəki ağaclarda yaşayır və daha çox kişi həkimlərdən qisas alır. Elə ki ağxalatlı kişi gördü, qəfildən ağacdan hoppanır, onun qənşərinə və əl atıb səhiyyə işçisinin cinsiyyət orqanını yerkökü kimi dibindən qoparır.

Bəşəriyyətin gələcək şüurunu “əkib-becərən” bu bədəməl məxluqların arasında ən səmimiləri yaponların balaca samuraylarını döyüşə, geyşalarını sevişə hazırlayan qıyıqgöz Cikinikilərdir. Cikinikilər yapon mifologiyasına görə qədim ateistlərin ruhlarıdır. Onlar da başqa xalqların uşaqlarını boya-başa çatdıran nağıl qəhrəmanları kimi meyitləri soyub yeyir, saki əvəzinə körpələrin qanını içirlər, ancaq cikinikilər yeganə mifik dayələrdir ki, uşaqları yuxuya verəndən sonra tənhalığa qapılıb öz eybəcərliklərinə görə xəcalət çəkir, göz yaşı tökürlər. Ancaq buna baxmayaraq, yaponlar öz uşaqlarının şüurunu bu “vicdanlı” əcinnələrə etibar etməkdənsə, onlara bağça yaşlarından kompüter proqramları öyrətməyi üstün tuturlar.

Bu yazıda amacım böyüyəndən sonra övladlarımızın heyvərəliyinə baxıb: “bu uşaq kimə oxşadı, görəsən?” sualına az da olsa cavab vermək idi. İlk baxışda sadə, ibrətamiz mətnlər təsiri bağışlayan, əcinnələrlə, ifritələrlə dolu nağılları uşaqların şüuruna doldumaqla biz gələcəyi ibtidai qorxudan azad olmağa qoymuruq. Müsbət nağıl qəhrəmanları isə həm böyüklər, həm uşaqlar üçün, sadəcə, maraqsız və sünidir. Bir yetkin insan üçün din nədirsə, bir azyaşlı üçün nağıl da odur; qorxu, şiddət, ağrı, əzab, ən nəhayət, ölüm və yuxu mənbəyi. Böyüklər ölüm, balacalar yuxu qurbanlarıdır.

Sonda yuxarıda verdiyim suala sualla cavab vermək istəyirəm; beyni süd kimi ağappaq olan uşaqların bu cür eybəcər əcinnələrlə, ifritələrlə, divlərlə, xortdanlarla, küpəgirən qarılarla böyüdüyü dünya düzələrmi heç?   
 

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid - 26.11.2018 61
Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da &...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 39
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 87
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət - 02.11.2018 144
Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkə...
Davamı

DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə - 24.10.2018 81
Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aks...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 46
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 166
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 128
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 271
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 682
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı