Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin Yenisey20.09.2018 495

Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci hissəsinə keçib “Demokratiyanın hansı növündən istəyirsiniz?” soruşsaq, yəqin ki, çoxluq mat-mat üzümüzə baxacaq. “Demokratiya bəyəm kolbasadır, yağlısı, yağsızı, donuz əti ilə olanı, olmayanı olsun?” Bəli, məyusedici də olsa, deməliyik ki, demokratiya kolbasa olmasa da, kolbasa kimi bir şeydir. Onun “köhnəsi” sizi zəhərləyə, yenisinin “dadı” xoşunuza gəlməyə bilər.

 

Demokratiyanın hansı növləri var?

İngilis xalqının səs çoxluğu ilə iki dəfə Baş nazir və 2002-ci ildə “BBC” teleradioşirkətinin 1 milyondan çox “qoca ada” sakinləri arasında keçirdiyi sosioloji sorğuda bütün dövrlərin ən dahi britaniyalısı seçilən Uinston Çörçill deyirdi ki, “Demokratiya ən pis idarəetmə formasıdır”, ancaq  “bu günə qədər sınaqdan keçirilmiş bütün idarəçilik formalarından sonra” əlavəsini də bu fikrə artırmağı özünə borc bilirdi. Nəticədə ortaya belə bir fikir çıxırdı ki, indiyə qədər ortaya çıxan idarəetmə formaları arasında demokratiya ən yaxşısıdır.  Ancaq demokratiya da özü-özlüyündə bir çox problemlərə, ziddiyyətlərə və müəmmalara yol açır. Bu yazımızda Türkiyədə nəşr olunan “Düşünbil” jurnalında tərcümə və çap olunmuş Pensilvaniya Universitetinin 8-ci prezidenti, siyasi nəzəriyyəçi Emi Qatmannın  “Demokratiya” adlı məqaləsindən yola çıxaraq bəzi demokratiya növlərinin qısa xarakteristikasına diqqət yetirəcəyik və hər bir demokratiya formasının öz içindəki problemlərinə, ziddiyyətlərinə toxunacayıq. Sözsüz ki, öz əlavələrimizi də unutmadan.

 

Şumpeterian demokratiyası

Bu demokratiya forması “Yaradıcı dağıdıcılıq” terminini iqtisadiyyata, “Elitar demokratiya” anlayışını siyasətə gətirən Avstraliya mənşəli ABŞ iqtisadçısı, sosioloqu, siyasətşünası Cozef Şumpeterianın təklifidir. Bu idarəetmə formasında demokratik mübarizənin yalnız mərkəzi qəbul edilir, ona görə də səsvermə prosesində baş verən rəqabətin demokratikliyinin əsaslı bir dəyəri yoxdur, yəni ziddiyyətli cəhəti demokrtiyadan  yalnız azlığın  yararlanmasıdır. Səs verən çoxluq yenə “oyundankənar vəziyyətdə qalır”. Ona görə də Şumpeterian demokratiyası o qədər də rəğbətlə qarşılanmır. Bu demokratiya formasına 1992-ci ildə Cənubi Afrikada yalnız ağ seçicilərin yararlandığı demokratik seçkiləri nümunə olaraq göstərə bilərik.  

 

Populist (xalqçı) demokratiya

Bu anlayışa görə, demokratik prosesin baş vermə üsulu xüsusilə mühüm əhəmiyyət kəb edir. Sayca ümumi olan daha əhəmiyyətlidir anlayışı da var - buna ümumi qanunvericilik də demək olar. Yəni  demokratik azlıq çoxluğun tələblərinə tabedir. Məsələn,  bu gün Türkiyədə çoxluğun terrorçulara qarşı edam hökmünün bərpa olunması tələbi kimi. Demokratik azlıq populist demokratik rejimdə bu tələbi həyata keçirməyə məhkumdur, halbuki edam anlayışı demokratik priniplərə ziddir.  Populist demokratiyanın çıxış nöqtəsi, xalqın kənardan heç bir güc olmadan, ya da özü-özünü seçən bir azlıq tərəfindən idarə edilmədən, öz-özünü azad və bərabər varlıqlar olaraq idarə etməsi idealıdır. Əlbəttə, bu vəziyyət, demokratik qərarların xalqın iradəsini əks etdirməsi üçün bəzi məhdudiyyətləri də bərabərində gətirir: siyasi azadlıq üçün lazım olan söz və fikir azadlığı, mətbuat və sərbəst toplaşmaq azadlığı; hüququn üstünlüyü; rəsmi səsvermə bərabərliyi (manipulyasiyalara qarşı) və bunların bütün yetkin fərdləri əhatə edəcək şəkildə olması (müvəqqəti və zehni əngəli sübut olunmuş şəxslər xaricində).

 

Burada bəzən problemlər ortaya çıxır. Məsələn, demokratlar  xalqın iradəsinin, demokratik iradə olmadığını söyləyə bilərlər. Çünki ya nəticə həqiqətən xalqın iradəsini əks etdirmir, ya da xalqın iradəsinin mühafizə edilməsi üçün lazım olan şərtlərin həyata keçirilməsinin qarşısı alınır. Belə hallarda populist demokratlar populist demokratik idealın əsl məzmununa diqqət yetirə bilərlər. Ancaq bu çərçivədəki bir yanaşma belə bir səhv nəticəyə gətirib çıxara bilər: xalqın ümumi iradəsinə qarşı qoyulan hər hansı bir məhdudiyyət demokratik deyildir (hər nə qədər bu məhdudiyyətlərdə haqlılıq payı olsa da). Bu halda demokratlar ya məhkəmə nəzarəti kimi bir səviyyə qədər populist olmayan bəzi qanunları qəbul etməli (xalq iradəsi tərəfindən dəstəklənməyən nəticələrin əldə edilməsi bahasına), ya həqiqətən demokratik iradənin tam reallaşmasının mümkün olmadığını qəbul etməli (yəni onu demokratik edən nəticələri dəstəkləyən xalqın iradəsini), ya da ikisini də birdən qəbul etməlidir.

 

Liberal demokratiya

Populist demokratiyadan qismən fərqli olaraq, liberal demokratiya çoxluğun qanunvericiliyinin yekun siyasi qiymət olduğunu rədd edir. Liberal demokratlar, çoxluğun qanunvericiliyinin dəyərini bir sıra əsas azadlıqları tanıyaraq təyin edirlər: Azad və bərabər insan idealının təməlini təşkil edən fikir, söz, mətbuat, toplaşma və dini inanc azadlığı; şəxsi mülkiyyət hüququ, seçmə və rəsmi vəzifələrdə işləmə haqqı, qanunsuz həbs olunmamaq və qəsb edilməmək hüququ kimi təməl azadlıqlar çoxluğun qanunvericiliyindən və şərtlərindən daha üstündür və hüququn aliliyi tərəfindən tanınırlar. Xülasə; liberal demokratiyalarda hakimiyyəti xalq təyin edir və hakimiyyət fərdi azadlıqlarla məhdudlaşdırılır. Demokratik qərar qəbul etmə məsələsində təməl azadlıqlara üstünlük verdiyinə görə liberal demokratiya məhkəmə araşdırmalarında, digər dövlət orqanlarında, hakimiyyət bölgüsündə və xalqın iradəsini həyata keçirəcək bütün digər sahələrdə daha ibtidai bir şərait yaradır.

Xalqın iradəsinə qarşı həyata keçirilən ictimai məhdudiyyətlər, hakim azlıqların üstünlüklərini qorumaq, ya da asanlaşdırmaq üçün istifadə edilə bilər. Əslində, bu vəziyyət həm liberal, həm də populist demokratiyanın ruhuna ziddir. Ancaq bəzi müasir demokratlar, Con Stüart Millin təklifini xatırladaraq, ictimaiyyətinin fərdi azadlıqlara hörmətlə yanaşma fikrini (yəni demokratiya anlayışını və həssaslığını) öyrənə bilmə və özününküləşdirmə ehtimalını vurğulayırlar. Bu ehtimal gerçəkləşdiyi təqdirdə, xalqın iradəsi üzərində hər hansı bir məhdudiyyət olmadan – həqiqi mənada - demokratiyadan danışmağın mümkünlüyünü müdafiə edirlər. Nə yazıq ki, bu vaxta qədər heç bir cəmiyyətdə, xalqın düşüncələrinin (liberal demokratiyanın şərtlərinə, dəyərlərinə hörmət etmək məsələsindəki) ardıcıl təlimi baş verməmişdir və yaxın gələcəkdə də belə bir uğurun təmin olunmayacağı aydın görünür.

 

Müzakirəçi demokratiya

Nə üçün populistlər  ümumi qanunvericiliyə, liberallar isə fərdi azadlıqlara bu qədər çox dəyər verirlər? İkisinin də ortaya qoyduğu idealların birlikdə reallaşması mümkün deyilmi? Müzakirəçi demokratiya bu nöqtədə populist və liberal idealları inteqrasiya edən bir cavabı bölüşür: fərdi azadlıq və siyasi bərabərlik, fərdi muxtariyyatı ifadə etdiyi, ya da dəstəklədiyi ölçüdə qiymətlidir - yəni insanların rasional müzakirə yolu ilə öz həyatlarını formalaşdırmaq istəyi və qabiliyyəti ən mühüm məqamdır. Müzakirəçi demokratiya, hər kəsin fərdi muxtariyyətini ifadə etmək və dəstəkləmək üçün ümumi qanunvericilikdən istifadə edir, ancaq populist demokratiya ilə bu nöqtədə ayrılır: Populist demokratiyada, xalqın iradəsinin ifadəsi hər şeydən önəmli olan bir yaxşılıqdır. Müzakirəçi demokratiyada isə ümumi qanunvericilik – hər şeydən əvvəl ən yaxşı, ən açıq, diqqətli və qarşılıqlı etina ilə idarə olunan mübahisə prosesləriylə uzlaşmağın mümkün olduğu məsələlərdə - ictimai müzakirəni cəsarətləndirmə vasitəsi kimi istifadə edilir.

 

Bu demokratiya formasında fərdlərin muxtariyyəti idealını, insanların mütəmadi olaraq bir-biri ilə qarşılıqlı təsirə keçdiyi bir siyasət idealı müşayiət edir. Əlbəttə, burada bəhs edilən siyasət idealındakı qarşılıqlı təsirlənmə, insanların təkcə öz istəklərini dilə gətirməsi və ya şəxslərin əvvəlcədən müəyyən olunmuş mənfəətləri üçün müharibə etməsi deyil; arqumentlərlə, faktlarla, qiymətləndirmələrlə və bir-birini inandırmaq yolu ilə qarşıya qoyulan şeyin səbəblərinin ortaya çıxarılmasıdır.

 

Onu qeyd edək ki, hər bir cəmiyyət bu demokratiya növlərindən ancaq birini seçə bilərlər, əks halda, anarxiya qaçılmazdır. Demokratik anlayışın bəzi növlərinin ötəri analizi onu göstərir ki, cəmiyyət bu işi əvvəlcə yuxarıda, yəni beyində, düşüncədə həll etməlidir və sonra aşağıda nə istədiyini özü anlaya bilsin. Çörçillin demokratiya haqqında dediyi fikrə isə bizim əlavəmiz belə olacaq ki, evində olmayan demokratiyanı başqalarından tələb etməyə heç bir vətəndaşın haqqı yoxdur. Fərdiləşməyən şey cəmiyyətləşə bilməz.

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 166
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 536
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 339
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 591
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 768
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı

Kim haqlıdır? 1.Uşaq 2. Ailə 3. Məktəb 4. Heç biri

Aqşin - 17.06.2018 390
Heç vaxt övlad sahibi olmayan, məşhur və mərhum şairimiz Vaqif Səmədoğlunun öz dilindən eşitdiyimə görə, atası Səməd Vurğunun balaca Vaqifi övladlığa vermək istədiyi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uşaq haqqında belə bir möhür fikri var: “Uş...
Davamı