Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin Yenisey01.09.2018 592

İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağıq. 

Etnoqrafiyanın yazılı qanunlarında deyilir ki, hər bir xalq öz təbii mövcudluğunu qoruyub saxlamaqdan ötrü, ilk növbədə, təşkil olunduğu fərdlərin metafizik dayanıqlığını təmin edən təsisatlar yaratmağa, özü yarada bilmirsə, başqa xalqların yaratdıqlarından oğurlayıb, ora-burasına əl gəzdirməklə özününküləşdirməyə məhkumdur. Bu, bir tarixi, ruhani-mənəvi düsturdur. Bu “düsturdan” kənarda mövcud olmağı bacaran bir cəmiyyət həyatı hələ mümkün olmamışdır.

Dərhal nümunə göstərək ki, heç kim əsəbiləşməsin: qədim romalılar Kleopatranı “gəlin gətirəndən” sonra misirlilərin məhkəmə allahı Nemezidanı əkişdirib ondan sonrakı dövrlərdə bütün dünyanın müraciət etdiyi ən mükəmməl Roma hüquq sistemini yaratdılar. Müasir təkallahlılığın hardan gəldiyinə qəsdən getmirəm ki, qardaş qırğını düşməsin. 

Başqa nümunələrə baxaq; daşdan saxsıya, saxsıdan gönə, göndən kağıza uzanan yazı yaddaşına inansaq, belə agah olur ki, günümüzün “inanc dəstgahını” təşkil edən oxşar Tanrıları və onların müqəddəs “idarə heyətini” dünya şumerlərdən ərəblərə qədər müxtəlif yollarla mənimsəyərək, özlərinin kütləvi psixi gərginliklərinin öhdəsindən gəlmək üçün, özlərinin mental xarakterlərinə və coğrafi mühitlərinə uyğun hala salıblar. Məhz bu ilahi-məcazi adaptasiya nəticəsində eyni din - xristianlıq İspaniyada, Fransada, İngiltərədə fərqli şəkillər almışdır (Qustav le Bon), eləcə də islam dini müsəlman ölkələrinin tarixi-psixi mentalitetinə uyğun olaraq Asiya boyunca çeşidlənmiş və bu gün hamının axtardığı “əsl islam” qitəni əhatə edən geniş çöllərdə, səhralarda itkin düşmüşdür. Eyni Tanrı bir xalqın təfəkküründə mərhəmətli, digərində qəzəbli və deyingən olmuşdur, başqa birində soyuqqanlı, o birində, yumşaq desək, ehtiras düşkününə çevirilmişdir. 

Eləcə də digər dünyəvi dəyərlərin - miflərin, nağıl və dastan qəhrəmanlarının oxşarlıqları da “Babil qülləsi”ni dağıtmaqla Tanrının insan təkəbbürünə cəza olaraq dünyanı dil xəritəsinə bölməsi rəvayətinə şübhə yeri qoymur.

Tarixin təkrarlanması nəzəriyyəsi bizi məcbur edir ki, sivilizasiyanın inkişafını riyazi rəqqasın hərəkəti kimi gözdən keçirək. Vahid dilin parçalanması oxşar fərqliliklərin yaranmasına, yəni çeynənilmiş frazayla desək, “sonun başlanğıcına”, dünya tarazlığının pozulmasına təkan verdi; Qədim dünyanın başlanğıc nöqtəsi olan “HAMININDIR” hökmlü bərabərlik, eynilik ideyasından yola çıxan bəşər tarixi amplitudun Orta əsrlərində “BİZİMDİR” ayrıseçkiliyinə və son müasir dövründə isə “MƏNİMDİR” düşmənliyinə qədər irəlilədi. 

“MƏNİMDİR” dirənişi “HAMININDIR” nöqtəsindən hərəkətə başlayan sivilizasiya rəqqasının amplitudasında  son həddir, bundan sonra, ya bu rəqqas geriyə, özünün ilkin tarazlıq vəziyyətinə qayıtmalıdır, ya da onu saxlayan “sapdan” – bəşəri dəyərlər sistemindən – qopub “HEÇ KİMİNDİR” boşluğuna, sonsuzluğuna, xaosa yuvarlanmalıdır. Buna görə də indi dünya xalqları, məsələn, biz müsəlmanlar, pravoslav ruslar geriyə, ən azı, Orta əsrlərdəki “BİZİMDİR” dövrünə qayıtmağı düşünürük, əks halda, müsəlman və pravoslavlara elə gəlir ki, katolik və protestantlardan ibarət xrisitian dünyası, eynən rəqsi hərəkətdə olduğu kimi, kənar qüvvələr olaraq özlərinin periodik müdaxilələri ilə məcburi rəqsə təhrik edərək onları asıldıqları “sapdan” - mövcud milli-irsi-dini dəyərlərindən qoparıb, sistemdən uzağa, yuxarıda dediyimiz “HEÇ KİMİNDİR” xaosuna, əbədi məhvə, dönüşü olmayan sonsuzluğa atacaqlar . 

Tarixin Şərq-Qərb toqquşması adlandırılan, əslində isə yəhudi-xristian-müsəlman dini qarşıdurmasının yeni mərhələsi olan Orta Şərq münaqişəsi onu göstərir ki, müsəlman dünyası geriyə “BİZİMDİR” “yarımvəhşiliyinə” can atır, xristian dünyası isə onu, əksinə, özü ilə bərabər “HAMININDIR”, bazarına aparmaq istəyir, yəhudi düşüncəsi isə ənənəvi olaraq, sivilizasiyanı “BİZİM DEYİLSƏ, HEÇ KİMİNDİR” xaosuna itələyir. 

Bu, bəşəriyyətin növbəti Babil dövrünə, Babil təkəbbürünə daha çox oxşayır.

Amansızlığın, qəddarlığın və əxlaqsızlığın adiləşməsi həmişə onu göstərir ki, müharibəyə nəzarət artıq sərkərdələrin – korporativ maraqların - nəzarətindən çıxıb, əsgərlərin, yəni daha barışmaz düşmənlər olan dini fanatizmlə sıravi elmi təxəyyülün, ənənəylə zəkanın, miflə reallığın öhdəsinə buraxılır və “heç nə”, “heç kim” uğursuzluğu ilə nəticəsiz davam edir.  

Vaxtilə istər Şərq, istər Qərb dünyasında Milada görə, Orta əsrlərin “böyük qorxu dövrünün” zəkası özünü fiziki məhvolmadan qorumaq məqsədilə dinin nüvəsini onun mantiyasından - mövhumatından ayırmaqla, əslində, özü də hiss etmədən, daha təhlükəli olan dinin ekzistensial substansiyasını qorumuş oldu. Bu gün din artıq özü öz mövhumatını rədd edir, öz düşmənlərinin qarşısına xurafat, mövhumat şəklində deyil, özünün ekzistensial halı, daha möhkəm, daha bütöv olan nüvəsi ilə çıxır, elmin yaxasından yapışıb bağırır ki, sözün varsa, üzümə de, adımı mövhumat, xurafat qoyub arxamca danışma. İndi dini təcavüzdən qorunmaq üçün  elm özü özünün elmi mövhumatını yaradır və yayır, sanki, elmi texnologiyalar bir-birini üstələyən inkişafın yeni pilləsi kimi deyil, keçmiş milli-dini ənənələrə qarşı daha effektiv zərbə vurmaq üçün düşünülmüş aksiya amacı ilə yaradılır. Hər bir yeni film, roman, çizgi əsərinin, sanki, yeganə məqsədi var: keçmişi dağıtmaq və gələcək haqqında düşünməmək. Buna görə də bəzən keçmiş əsrlərin alternativ ideallarını məhv etməklə, tarixi şəxsiyyətləri aşağılamaqla xoruzlanan Qərbin intellektual elm mövhumatçıları tarixin qan analizinin yanlış aparıldığını sübut etmək üçün keçmişin “heçkimləşdirilməsini”, az qala, yeni elmi ideya kimi ortaya atırlar. Mədəniyyət ağrının tarixidirsə, tarix də xalqların zərurət qanunlarının tələbi ilə özlərinə ideal yaratması, ona səcdə etməsi, nəhayət, xatirələşdirib qoruması barədə gərgin mübarizəsinin hekayəsidir. Bu gün dünyanın hər yerində tarixin istintaqı gedir və tribunal pafosla keçmişi aşağılayan ağıl dəryaları, əslində, insanın mübarizə ruhu, əqidə azadlığı, müəlliflik hüququ, şəxsiyyət fenomeni, fitri yenilməzlik kimi sabit dəyərlərini inkar edirlər. Vaxtilə bir yığın Yunan, Misir allahlarına tapınıb etiqad pərakəndəliyi içində azan və daha qədim olan iudaistlər, atəşpərəstlər kimi sabit bir inanca sahiblənmək üçün nazaretli dülgər Yusifin oğlu İsanın cəsədini çarmıxdan əkişdirib özlərinə ali ruhani dəyər, peyğəmbər “düzəldən”  xristian Avropası bu dəfə öz xilasını başqaları ilə birlikdə məhvolmada görür. Top barıtına görə yunan odunu lənətləyən müsəlman Şərqi isə fanatikcəsinə tarixi gerçəklikləri qarabasmalar şəklində təsəvvür etməklə dinin aşıladığı qocafəndi nihilizmi, məsələn, azadlığın insanın zərurətlər sistemində köləliyindən başqa bir şey olmadığını, cəmiyyətin təbiət qanunlarından asılılığını, elmi şübhələrin beyinlərdəki oturuşmuş inancları sarsıtdığını zümzümə edən mızıltılarını getdikcə major gurultuya çevirərək müsəlmanların tarixi təsəvvürlərini korlamaqla dirəniş göstərə biləcəklərini düşünürlər. Mağaralardan axan qaranlıq çaylarda yaşayan balıqlar kimi bizim fanatiklərin bu fitri korluğu irsi xarakterlidir. Bu korluq nəsildən-nəsilə deyil, əsrdən-əsrə keçən tarixi korluqdur. Xristianların tarixin “heçkimləşdirilməsi” ideyasına qarşı müsəlmanlar tarixin “ilahiləşdiriməsi” ideyası ilə qarşı çıxırlar. Bu, ən bəsit formada allah mənşəli qantökənliyə təkrik edən moizələrdə bir imamın qolundakı gücün bir ordunun döyüş taktikasından daha effektiv olması haqqında xalqın beyninə yeridilən psixopatik təlimlərdə özünü göstərir. Bu fanatizm öz tərəfdarlarını getdikcə sosial-bioloji növ olmaqdan uzaqlaşdırıb psixopatoloji növlərə çevirir. Sosioloqlar sübut edir ki, vaxtilə imperativ gücə malik olan farsların, romalıların, türklərin etnik xarakterinin zəifləməsinə səbəb bu xalqların düşüncələrində ideyaların anarxizmini yaradaraq, onların ruhi aləmini depressiyaya uğradan bu cür qondarma  “şəxslər” olmuşdur. Belə adamlarda, nəinki tarixdə, cəmiyyətdə, hətta öz ətraflarında belə baş verən istənilən hadisəyə münasibət neqativ təzahürlü şərti refleks həddində olur və onlar yaxşı bilirlər ki, neqativ enerji tükənməz zorakı güc mənbəyidir. Dinlər tarixi sübut edir ki, bu gün bəşəri adlanan dinlər daha çox məhz bu neqativ enerjinin verdiyi gücün hesabına aparılan qəddar və intensiv cəhdlər nəticəsində dünyaya yayılmışdır.

Bu gün xristian və müsəlman dünyasının əlində tutduqları və bir-birilərinə üzündən oxuduqları vərəqlər köhnə ssenarilərdir. Dəyişən yalnız odur ki, bu dəfəki tamaşada siyasi liderlər rejissorları yox, suflyorları əvəz edirlər, yaddan çıxanları yada salırlar. Postmodernizmin labrintdən çıxış yolu kimi təklif etdiyi “kitabxananı yandırmaq” ideyası da, əslində, bəşəri tragikomediyanın bu köhnə ssenarilərini yandırmaq məqsədi güdürdü, amma ədəbiyyat ya ənənəvi humanizminə söykənib, ya da dini-genetik qorxusunu yenilib onu dedektiv sonluqla ört-basdır elədi.

 

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 166
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 536
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 340
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 495
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 768
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı

Kim haqlıdır? 1.Uşaq 2. Ailə 3. Məktəb 4. Heç biri

Aqşin - 17.06.2018 390
Heç vaxt övlad sahibi olmayan, məşhur və mərhum şairimiz Vaqif Səmədoğlunun öz dilindən eşitdiyimə görə, atası Səməd Vurğunun balaca Vaqifi övladlığa vermək istədiyi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uşaq haqqında belə bir möhür fikri var: “Uş...
Davamı