Robotların dini inancı olacaqmı?

Aqşin Yenisey11.06.2018 785

Artıq günümüzün reallıqları texnologiyaların inkişaf sürəti ilə ayaqlaşa bilmir; bu, bəziləri üçün heyrətedici, bəziləri üçün avantürist, bəziləri üçün isə sadəcə qorxulu bir vəziyyətdir. Süni zəkaların cəmiyyətində bizim sivilizasiyanın indiyə qədər yaratdığı maddi-mənəvi dəyərləri gələcəkdə hansı aqibət gözləyir? Onlar, heç olmasa, tarixi əhəmiyyətini qoruya biləcəklərmi? Min illik universitetləri cipə yerləşən bir cihazmı əvəz edəcək? Robot orduların döyüşdüyü bir dünyada “Müharibə etikası” deyə bir şey olacaqmı? Robot-cərrahların dövründə həkimlər taksi şoferliyimi edəcək? Auditoriyalarda dərs deyən alim-robotlardan uşaqlar elmlə yanaşı, şəxsi insani keyfiyyətlər də öyrənə biləcəklərmi? Prezidentliyə namizədlər robot-namizədlərlə seçki yarışına girəcəkmi? Ya ikincilər seçkini udarlarsa necə olacaq? Şeir, roman yazmağa proqramlaşdırılmış robot-şairlər, robot-yazıçılar bizim yaşadığımız hissləri ədəbiyyata çevirə biləcəklərmi, o ədəbiyyat bizi ağlada, güldürə, ovundura biləcəkmi? Ən nəhayət, insanlıq bir gün öz yaratdığının köləsi olacaqmı? Olacaqsa, bu köləlik necə, hansı şəkildə baş verəcək? Biz öz yaratdığımız robotlarla dil tapa biləcəyikmi? Bizim aramızda ateistlər olduğu kimi, robotlarımızın da arasında bizi inkar edən, əmrlərimizə asi çıxan “kafir” robotlar olacaqmı? Olacaqsa, onları necə idarə edəcəyik, necə cəzalandırcağıq? Cəhənnəmləmi hədələyəcəyik? İşdən qovmaqlamı qorxudacağıq? Şiddətli töhmətmi verəcəyik? Axı onların qorxu, ağrı, sevgi hissi olmayacaq. Onlar, sadəcə, insanın rasional, duyğudan arındırılmış zəkasını təmsil edəcəklər. Onlarda mərhəmət, qorxu, sevgi, ağrı hissini necə yaradacağıq? Gələcəyə aid bu suallara bu gün cavab verilməlidir. Elm adamları bu gün eynilə insana bənzəyən, insandan fərqsiz fikirləşən, hiss edən robotlar yaratmaq üçün yarışırlar. Ekranlarda artıq çoxmilyonluq filmlərdə kino aləminin obrazlaşdırdığı belə robot-qəhrəmanlar “at oynadır”. Süni zəka olan Amper adlı bəstəkarın yazdığı mahnılar bu gün bütün dünyada məşhurdur, hətta Amper keçən il avqustda “I Am AI” adlı musiqi albomunu da çıxardı. Yəni artıq süni zəka sahibləri yavaş-yavaş fəaliyyət sahələrimizi ələ keçirməkdədir. 

BBC-nin beynəlxalq texnologiya proqramı “Click”də  İngiltərə Kembric Universiteti kompüter pofessorları robotların "Emosional informasiya və qarşılıqlı təsir" qazanmasını təmin edəcək süni zəkanın insanların üz və bədən ifadələrini "öyrənib" bundan məna çıxarması üçün çalışdıqlarını açıqladılar. Alimlərin dediyinə görə, süni zəkanın ən çatışmayan tərəfi bilgidən, məlumatdan məna yarada bilməməsidir, ən qorxulu olan da budur. Yəni yuxarıda adını çəkdiyimiz Amper bəstələdiyi musiqiləri duymur, musiqi onun üçün heç bir mənanı ifadə etmir. Robotların dünyada ağalığı da bu mənada təhlükəli görünür, çünki onlar üçün dünya yalnız bilgidən və rəqəmsal proqramlardan ibarət olacaq və bu bilginin istehsalatdan başqa heç bir dəyəri qalmayacaq. Robotlar dünyanı mənasızlaşdıracaq. Süni zəka üçün “Dünyanın yeddi möcüzəsi”, sadəcə, yaddaşa köçürülmüş rəqəmlər yığını olacaq. Məsələn, bir robot küçədə ona əl açıb dilənən bir insanın kədərini heç vaxt mənalandıra bilməyəcək. Yaxud bir şirkət rəhbəri Robot müəllim işdən qovduğu fəhlənin evdə xəstə anasına baxdığının nə demək olduğunu anlamaqda çətinlik çəkəcək. Ümumiyyətlə, robotların zamanında “Ana” mahnılarının bir qəpiklik dəyəri qalmayacaq, elə “ana” söyüşlərinin də. Bir üzünə baxanda bizə sərf edir, çünki ildə neçə-neçə Azərbaycan gənci bu mahnılara, söyüşlərə görə ya həbsxanaya, ya qəbiristanlığa getməli olur. Yaxud insanlarla bir yerdə işləyən robot nə qədər əlləşsə də müdirə onlar kimi yaltaqlanmağı bacarmayacaq, ona görə də tətildə qoltuğunda qarpız Şıxov çimərliyindən başqa getməyə yeri olmayacaq.

Buna görə də Kembric alimləri insanların üz ifadələrini və bədən dilini süni zəkanın "bir insan kimi" necə anlaya, mənimsəyə biləcəyini araşdırırlar ki, gələcəkdə onlarla dil tapmaq asan olsun. Ancaq dərd burasındadır ki, insanların belə üz ifadələri standart deyil, şəxsə və vəziyyətə görə dəyişir. Məsələn, autizmdən əzab çəkənlər, həm özünün, həm də qarşısındakının ruhi vəziyyətini "anlaya bilməz". Və ya narsizlər, zalımlar, cahillər özlərinə heyran olduqları üçün başqasını məhəl qoymaz. İnsanın özünə həllolunmaz olan bu problemləri yazıq robotlar necə mənimsəyəcək? Məsələn, bir robot alicənablıqla yaltaqlığı necə ayıracaq. Çünki yaltaqlıqla alicənablıq mənəvi-ruhani dünyamızın Qabil və Habil kimi əkiz qardaşlarıdır və yaltaqlığın ən böyük zərbəsi həmişə alicənablığa dəyir. Alicənablıq üzdən yaltaqlığa oxşadığı üçün, qardaşının məşhur olduğu cəmiyyətdə onunla səhv salınacağını düşünərək, adətən, xəcalətindən intihar edir. Azərbaycan dilində yazdığımız bu cümləni heç Azərbaycanda çox adama başa sala bilmərik, bədbəxt robot bunu anlayana qədər olan-qalan süni zəkasını da itirəcək.

Psixologiyada insanın üz ifadələrindən çıxarılan "məna"ların sayı, əsasən,  11-dir: Xoşbəxtlik. Təəccüb. Nifrət. Kədər. Qorxu. Heyrət. Uyğunluq. ekvivalentlik. Diqqət. Doğmalıq. Nəbz sürəti. Bütün bunlar bir insanın "gerçək" duyğu halını öyrənməyə kifayət edir. Ancaq bir məsələ var ki, insanların çox ustalıqla yalan söyləmə strategiyaları var ki, çox zaman bunu üz ifadələri ilə ört-basdır edirlər. Məsələn, mən adam tanıyıram ki, market yumurtalarını alıb gecə binalarının arxasında palçığa bələyir və səhər qonşularına kənd yumurtası adına satır. Üz mimikaları və yalandan and içdiyi iriçaplı müqəddəslər onu məhlədə ən mömin adam kimi tanıdıb. Ad çəkmirəm ki, çörəyinə bais olmayım. Tutaq ki, siz bir robotu paltar firmanıza tədarükçü kimi işə götürdünüz, hardan biləcəksiniz ki, işbirliyində olduğunuz həmyerliniz özünün mal paylayan robotuna barmaq edərək ona yalanı üz ifadələri ilə gizləməyi öyrətməyib və o, ustacasına dil tökərək sizin robota Çin köynəklərini “tureçski köynək” adıyla sırımayacaq və sizin kibernetik işçiniz qarşısındakının üz ifadələrindən onun yalançı olduğunu təyin edə biləcək? Sizin robot “atasının göruna”, “oğlunun ölmüşünə” and içən texnoloji həmkarının yalanını necə tutacaq?  Robot alqoritmi bizim bu yalan danışmaq nüanslarımız necə öyrənəcək?

Kembric alimləri, bəlkə də, bu suallara öz ixtiraları ilə yaxın gələcəkdə cavab verəcəklər. Gələk əsas suala; Biz insanın eynisi olan robotlar yaratmaq, onların bizə tabe olmasını, itaət etməsini, mükafatlarımızdan fərəhlənmələrini, cəzalarımızdan qorxmalarını istəyiriksə, bu məqsədlə onların insani duyğulara sahib olmasını hədəfə çevirmişiksə, bu duyğular robotların hakim olduğu dünyada  da insanların keçdiyi tarixi prosesi təkrarlamayacaqmı? Yəni qorxu duyğusu onlarda hər hansı bir dinə çevrilməyəcəkmi? Dünyada təbii nizam-intizamın davamlılığı üçün  dindən uğurlu bir ideologiya kimi yararlanan insanlar kimi, robotlar da qorxu üzərindən kastalara bölünməyəcəkmi? İnsan öz yaratdıqlarının “allahı” ola biləcəkmi? Ola bilməyəcəklərsə, bu hal insanlarla robotlar arasında dini qarşıdurmaya gətirib çıxarmayacaqmı? Bütün hallarda insanlar robotlarda duyğu sistemi yaratmaqla süni zəkanı təbii zəkaya qarşı qoymayacaqlarmı? Yəni insan özünün eynisi olan robotları yaratmaqla, əslində, özünün dostunu deyil, düşmənini yaratmayacaqmı? 

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 166
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 536
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 340
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 495
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 591
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 768
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı